Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Kəpəz”lə səfər oyunu “Səbail”in baş məşqçisi Şahin Diniyev üçün sonuncu olub.
Arena.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqisi Tovuzda baş tutan və 0:1 hesabıyla uduzduqları bu matçdan sonra istefa verib.
Təcrübəli mütəxəssis qərarını mətbuat konfransında açıqlayıb:
“Oyun haqda danışmalı bir şey yoxdur. Matç bitən kimi rəhbərliklə görüşdüm. Öz xahişimlə istefa verdim. Səbrli olmağımı istədilər, amma mən qərarımı vermişəm. Əlimdə olan futbolçularla, materialla nəyisə dəyişməyə çalışdım. Amma bundan sonra dəyişiklik üçün özümdə güc görmürəm. Bu komandaya yeni nəfəs lazımdır. Rəhbərliyə təşəkkür edirəm. “Səbail” yaxşı komandadır. Futbolçulara da təşəkkür edirəm. Bütün oyunlarda vuruşdular. Keçirdiyimiz 12 oyunda yalnız “Neftçi” ilə görüşü çıxmaq şərti ilə, yaxşı futbol göstərdiyimizi düşünürəm. Təəssüf ki, bu, futboldur, hər şey olur”.
Xatırladaq ki, Şahin Diniyev 2022-ci ilin dekabr ayından “Səbail”ə rəhbərlik edirdi. 58 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 73 oyuna çıxarıb. “Dənizçilər” bu görüşlərdə 21 qələbə qazanıblar, 14 heç-heçə ediblər, 38 məğlubiyyətə üzülüblər.
“Səbail” bu mövsüm Şahin Diniyevin rəhbərliyi altında 12 oyun keçirib, 2 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət nəticəsində 7 xalla 9-cu pillədə qərarlaşıb. Paytaxt klubu yalnız 6 xalı olan “Kəpəz”i qabaqlayır. Məhz bu uğursuzluqlar səbəbindən Diniyevin istefası xeyli müddət idi gündəmdə idi.
Şahin Diniyev daha öncə “Kəpəz”, “Rəvan”, “Qarabağ”, “Terek” klublarında, həmçinin Azərbaycan milli komandasında da baş məşqçi kimi çalışıb.


