“Sumqayıt”ın mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə qarşıdakı qış fasiləsi dövründə yetirməsi olduğu klubdan ayrıla bilər.
Arena.az saytının əldə etdiyi məlumata görə, bunun səbəbi 22 yaşlı futbolçunun başqa bir klubdan çox sərfəli təklif almasıdır.
Məsələ burasınadır ki, bu yaxınlarda gözlənilmədən “Sumqayıt”dan ayrılaraq “Neftçi”yə qayıtmış Samir Abasov Səbuhi Abdullazadəni də yanına aparmağa çalışır. Futbolçu özü də doğma klubundan ayrılmaqda və paytaxt təmsilçisinə keçməkdə maraqlıdır. Çünki “Neftçi” Səbuhiyə “Sumqayıt”da qazandığından daha yaxşı şərtlərlə müqavilə təklif edir. Üstəlik, Abdullazadə onu çox yaxşı tanıyan Samir Abasovun rəhbərliyi altında oynamağı xoşlayır. Bu üzdən də Səbuhinin “Sumqayıt”a böyük simpatiyası olmasına rəğmən, qışda iş yerini dəyişməsi istisna edilmir.
“Neftçi” də bu keçidi ən qısa müddətdə bitirmək istəyir. Lakin Səbuhinin indiki klubu ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var. Bu üzdən də tərəflərin necə razılığa gələcəyi maraq doğurur.
Samir Abasovun “Neftçi”yə gedişindən sonra “Sumqayıt”a müvəqqəti baş məşqçi təyin olunmuş Vaqif Cavadov da Səbuhinin komandadan getməsini istəmir. Gənc mütəxəssis komandanın əsas heyət üzvlərindən olan Abdullazadəni razı salmağa çalışır.
Xatırladaq ki, Səbuhi Abdullazadə “Sumqayıt”ın öz yetirməsidir. O, indiyə qədər yalnız bu klubun formasını geyinib. 2019-cu ildən əsas komandaya cəlb edilmiş futbolçu cari mövsümdə meydana çıxdığı 13 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Səbuhinin “Sumqayıt” karyerası bütövlükdə 146 oyun, 6 qol və 14 məhsuldar ötürmədən ibarətdir. 22 yaşlı futbolçu Azərbaycanın U-17 və U-21 yığmalarında da oynayıb.


