Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva İtaliyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, Busto Arsizio şəhərində təşkil olunmuş boks üzrə sayca birinci Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Yarışın altıncı günündə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Şəhla Allahverdiyeva çıxıb. 66 kq çəkidə mübarizə aparan boksçu 1/16 final mərhələsi çərçivəsində Mariana Soto Torres (İspaniya) ilə üz-üzə gəlib. Döyüş Allahverdiyevanın qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.
Bununla da ardıcıl ikinci qələbəsini qazanan Şəhla 1/8 finala yüksəlib və Paris-2024 Yay Olimpiya Oyunları üçün lisenziyaya bir addım da yaxınlaşıb. Yığmamızın üzvü üçüncü döyüşünə martın 9-da çıxacaq.
Qeyd edək ki, bu gün daha 2 boksçumuz qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kq) Meylin Çala Susanla (Ekvador), Ümid Rüstəmov (57 kq) Bakari Hassanla (Keniya) döyüşəcək.