Qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvü Şəhla Allahverdiyeva Polşada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Arena.az xəbər verir ki, Polşanın Pultusk şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ötən gün yarımfinal mərhələsinin görüşləri keçirilib.
Finala gedən yolda Azərbaycan millisinin cəmi bir idmançısı rinqə çıxıb. 66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib vəsiqə qazandığından təmsilçimiz bürünc medalla kifayətlənib.
Yarışın qalibləri bu gün – mayın 26-da bəlli olacaq. Cəmi bir medalla kifayətlənən komandamız sabah Bakıya qayıdacaq.
Xatırladaq ki, yığmamız bu turnirə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçu ilə yollanıb. Millimizin digər boksçularından Mehparə Məmmədova (48 kq) 1/4 finalda Olqa Şlimovaya (Ukrayna), Anaxanım İsmayılova (50 kq) Zlatislava Çukanova-Giorgiyevaya (Bolqarıstan), Zeynəb Rəhimova (57 kq) Teresa Makinenə (Finlandiya), Aynur Rzayeva (75 kq) Kerri Devisə (İngiltərə), Məhsəti Həmzəyeva (57 kq) isə Svetlana Stanevaya (Bolqarıstan) məğlub olaraq medal şanslarını itirmişdilər.