Birinci Liqaya çox uğursuz başlamış “Araz Saatlı”nın baş məşqçisi Şəhriyar Məmmədov komandasının ardıcıl məğlubiyyətlərini şərh edib.
Arena.az xəbər verir ki, mövsümün ilk turunda evdə “İmişli”dən ağır məğlubiyyət (0:3) alan Saatlı təmsilçisi 2-ci turda səfərdə “Şamaxı”ya 8 cavabsız qolla uduzub.
3-cü turda isə doğma meydanda “Mingəçevir”lə oyun 0:2 hesablı məğlubiyyətlə yekunlaşıb. Hazırda xal hesabını açmamış yeganə komanda olan “Araz Saatlı” 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Komandanın baş məşqçisi Şəhriyar Məmmədovla əlaqə saxlayıb hər üç oyunla bağlı fikirlərini öyrəndik. O, Saatlı təmsilçisinin uğursuz çıxışına belə şərh verdi:
“İlk üç oyundan sonra üç məğlubiyyətimiz var. Bu, bizim üçün xoşagəlməz nəticədir. Çatışmayan cəhətləri yaxşı bilirik. Bu çatışmazlıqları necə aradan qaldırmaqla bağlı rəhbərlik olaraq iclas keçirdik, müzakirələr apardıq.
Sonuncu turda “Mingəçevir”lə baş tutan oyuna qələbə əzmi ilə çıxmışdıq. Sadəcə erkən qoldan sonra toparlanmaq çətin oldu. Biz toparlanmağa çalışdığımız vaxtda ikinci qolu qapımızda gördük. Fasilədən sonra komanda daha dinamik oldu, dominant oyun nümayiş etdirdi. Oyun ərzində üç dəfə taktiki dəyişiklik etdik. Sadəcə, futbolçumuzun 70-ci dəqiqədə qırmızı vərəqə alması bizim işimizi çətinləşdirdi”.
Şəhriyar Məmmədov sabah 4-cü tur çərçivəsində “İrəvan”a qarşı keçirəcəkləri ev oyunundan gözləntisini də açıqladı: “Növbəti oyunumuz “İrəvan”a qarşıdır. Rəqibimiz yeni yaranmasına baxmayaraq, iddialı bir kollektivdir. Mənim komandaya gətirmək istədiyim bir neçə oyunçu da bu kollektivdə çıxış edir. Heyəti formalaşdırmaq baxmından rəqib daha tez və aktiv çıxış edib”.
Sonda onu da xatırladaq ki, “Araz Saatlı” bu gün növbəti transferini həyata keçirib. Sözügedən klub iranlı hücumçu Elşən Sabbagi ilə 1 illik müqavilə bağlayıb. 21 yaşlı futbolçu yeni komandasının heyətində 30 nömrəli formanı geyinəcək. Elşən Sabbagi daha öncə Azərbaycanda “Keşlə” (indiki “Şamaxı”) və “Neftçi”nin U-19 komandalarında oynayıb.