Şəhriyar Məmmədyarov Çempionlar Turunda iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov indiyə qədər norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turuna dəvət almamasına münasibət bildirib.

Arena.az xəbər verir ki, o, “Facebook”da beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda bunları söyləyib:

“Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam. Əslində, bu qəribə haldır. Elə bir idman növü olmaz ki, sən “Top-10”da olasan, amma bu cür turnirə dəvət almayasan. Turniri “chess24″ saytı keçirir. Bu sayt da Karlsenə aiddir. Saytın heç bir yarışında qüvvəmi sınamamışam. Məndən fərqli, Teymur Rəcəbov burada çox aktiv iştirak edir. Fikirləşirdim ki, dəvət almamağım saytla əməkdaşlıq etməməyimdən irəli gələ bilər”.

36 yaşlı şahmatçı Çempionlar Turunun qarşıdakı mərhələlərində iştirak edəcəyini söyləyib: “Təşkilatçılar mənə yazdılar və turnirə dəvət etdilər. Açığı, özümə də qəribə gəldi ki, indiyədək olmayıbsa, bundan sonra necə oldu. Mənimlə Karlsen özü şəxsən maraqlanıb, soruşub ki, Şəhriyar niyə yoxdur. Təşkilatçılar, sponsorlar kimi görmək istəyirlərsə, onu dəvət edirlər. Təəssüf ki, mənə dəvət gəlməyib. Amma qarşıdakı aylarda mən də Çempionlar Turunda çıxış edəcəyəm”.

Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsindən də danışıb. 36 yaşlı qrossmeyster Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib:

“Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir. Burada müharibənin də təsirini qeyd etmək lazımdır. Ermənilər məğlub olduqları üçün çox məyus olublar. Aronyanın ölkədən getməsində bunun da təsiri var. Əslində bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək”.

Qeyd edək ki, Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.