Şəhriyar və Teymur FİDE reytinqində gerilədilər

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.

Ali şahmat qurumunun rəsmi saytında açıqlanmış siyahıda Şəhriyar Məmmədyarov (2726) üç pillə geriləyib. 39 yaşlı qrossmeyster 19-cu pillədə yer alıb.

Teymur Rəcəbov (2700) isə 4 pillə geriyə düşərək 34-cü yerdə qərarlaşıb.

Altı pillə irəliləyən Rauf Məmmədov (2652) 76-cı yerə yüksəlib.

İddiaçılar Turnirinin iştirakçısı olmuş Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb.

Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2990, Norveç) başçılıq edir. Amerika Birləşmiş Ştatlarını təmsil edən Hikaru Nakamura 2802 xalla 2-ci, Fabiano Karuana isə 2796 xalla 3-cü sırada qərarlaşıb.

Azərbaycanın qadın şahmatçılarının da əksəri geriləyiblər. Ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. Dörd pillə geriləyən Günay 2441 xalla 33-cü sırada qərarlaşıb.

Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova “Top-100”ü tərk edib.

Qadınlar arasında lider Yifan Houdur (2632, Çin). Elə sonrakı iki pilləni də Çin təmsilçiləri tutublar – Ji Venyun (2566) və Ley Tinqjie (2548).