Şəhriyar və Teymur FIDE reytinqində irəlilədilər

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Ali şahmat qurumunun rəsmi saytında açıqlanmış siyahıda Şəhriyar Məmmədyarov (2703) iki pillə irəliləyib. Reytinq xalında azalma olmasına baxmayaraq, 39 yaşlı qrossmeyster hazırda 17-ci pillədə yer alıb.

Teymur Rəcəbov (2700) isə bir pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb.

Ötən ay 76-cı olmuş Rauf Məmmədov bu dəfə ilk yüzlükdən kənarda qalıb. İddiaçılar Turnirinin iştirakçısı olmuş Nicat Abasov da ilk “100-lük”də yer almayıb.

Kişi şahmatçıların yer aldığı siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2793) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarının da əksəri geriləyiblər. Ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. İki pillə irəliləyən Günay 2441 xalla 31-ci sırada qərarlaşıb.

Gövhər Beydullayeva bir pillə geriləyərək (2412) 43-cü pillədə yer alıb. 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) 21 pillə geriləyərək 72-ci sıraya düşüb. Gülnar Məmmədova yenə “Top-100”-dən kənarda qalıb.

Qadınlar arasında lider Yifan Houdur (263, Çin). Elə sonrakı iki pilləni də Çin təmsilçiləri tutublar – Ji Venyun (2563) və Ley Tinqjie (2549).