Şəhriyarla Teymur FİDE reytinqində mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Arena.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın iki təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 xal var. 2765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Digər şahmatçılarımızdan Nicat Abbasov (2665) və Qədir Hüseynov (2665) bir pillə geriləyib. Onlar müvafiq olaraq 73 və 74-cü sıralarda yer alıb. Rauf Məmmədov da bir pillə geriləyərək 2654 xalla 90-cı sırada qərarlaşıb.

Siyahıda ilk üçlük dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.

Azərbaycanın qadın şahmatçılarına gəlincə, Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cu pillədə qərarlaşıb. 2 pillə geriləyən Gülnar Məmmədova 2382 xalla 82-cidir. 2376 xalı olan Xanım Balacayeva da 1 pillə geriləyib və hazırda 91-ci pillədədir.