“Şəki” yeni rekorda imza atdı

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Şəki” komandası ardıcıl 8 qələbə qazanmaqla yeni rekord müəyyənləşdirib.

Arena.az bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sözügedən klub bununla son 3 mövsümdə heç bir komandanın bacarmadığı nəticəyə imza atıb. Belə ki, Şəkinin eyniadlı təmsilçisi dekabrın 1-də Gəncədə eyniadlı kluba məğlubiyyətdən sonra uduzmayıb. Bu müddətdə keçirilən 8 qarşılaşma şəkililərin qələbəsi ilə başa çatıb.

Bedri Meriçin baş məşqçisi olduğu komanda hazırda A qrupunun lideridir və son ölkə çempionu “Sabah”la yanaşı, cari mövsümdə ən az məğlub olan komandadır. Bu, cəmi 2 dəfə baş verib. 2022/2023 mövsümündə 2, 2023/2024 mövsümündə cəmi 1 qələbəsi olan “Şəki” cari mövsümdə artıq 10 qalibiyyətə sevinib.