Səlahət Ağayev “Sabah”dan ayrıldı, “Qəbələ” ilə müqavilə bağladı

Sabah” qapıçısı Səlahət Ağayev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qapıçı ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Səlahət Ağayevə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Səlahət 2021-ci ilin iyun ayından “Sabah”da çıxış edirdi. Artıq onun yeni iş yeri də məlumdur. Təcrübəli qolkiper “Qəbələ”yə keçib. Öncə İlkin Qırtımovu sıralarına cəlb edən əyalət klubu Ağayevin də keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb.

Səlahət Ağayev daha öncə Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib. 2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.