Səlahət Ağayev və Andrey Strijak da “Qəbələ”dən getdilər

Azərbaycan Kubokunun qalibi “Qəbələ” iki futbolçusu – qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijakla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu iki futbolçu 2023/2024 mövsümündə “qırmızı-qara” formada çıxış etməyəcək.

2022-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan bu futbolçuların müqavilə müddəti başa çatıb. Tərəflər yeni sözləşmə imzalamaq istəmədikləri üçün yollarını ayırıblar.

Səlahət Ağayev “Qəbələ”də keçirdiyi bir mövsüm ərzində 34 matçda iştirak edib. 32 yaşlı qolkiper bu oyunlarda 45 qol buraxıb, 8 “quru” matç keçirib.

Səlahət daha öncə “Keşlə” (indiki “Şamaxı”), “Neftçi”, “Sumqayıt”, “Sabah” və MOİK-də də oynayıb. O, Azərbaycan millisində də 21 matça çıxıb.

Andrey Strijak isə “Qəbələ”də cəmi 7 oyun keçirib. 24 yaşlı ukraynalı legioner bu oyunlarda heç bir məhsuldar göstəriciyə imza atmayıb.

Strijak karyerası ərzində “Olimpik” (Donetsk), “Arsenal” (Kiyev), “Vorskla” (Poltava), “Çernomorets” (Odessa), “Girnik” və “Metallist” (Xarkov) kimi klubların da formasını geyinib.

“Qəbələ” İdman Klubu Ağayevlə Strijaka “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

“Qəbələ” Səlahətlə Andreydən öncə Məqsəd İsayev və Ramon Maçado ilə də yolların ayrıldığını açıqlamışdı. İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla isə yeni müqavilə imzalanıb.

Xatırladaq ki, geridə qalan mövsümü Azərbaycan Kubokunun qalibi kimi başa vurmuş “Qəbələ” ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: