“Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.
Arena.az xəbər verir ki, Şıxlarovu evinin yaxınlığındakı yolu keçərkən maşın vurub. Hadisə bu gün günorta saatlarında Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.
“Chevrolet” markalı avtomobil tərəfindən vurulan veteran futbolçu hadisə yerindəcə keçinib. Onun meyiti ekspertiza üçün morqa aparılıb.
Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində “Neftçi” “Xəzər Sumqayıt”, “Avtomobilçi”, ÇSKA (Kiyev), “Kəpəz” və “Çıraqqala Siyəzən” komandasında çıxış edib. Keçmiş hücumçu 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.
Şıxlarov 2004-cü ildə “Neftçi-2″nin, bir il sonra isə “Şirvan”ın baş məşqçisi olub. Mütəxəssis 2006-2008-ci illərdə “Olimpik”də, 2008-ci ildə “Neftçi” və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.