“Qəbələ”nin yetirməsi olan hücumçu Sənan Ağalarov bundan sonra Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, “Araz-Naxçıvan” bu gün heyətinə daha bir futbolçu cəlb edib. “Qəbələ”nin yetirməsi olan Sənan Ağalarov mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 19 yaşlı futbolçu yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev ötən yaya kimi məhz “Qəbələ”də çalışıb. Bu üzdən də o, “Qəbələ”nin futbolçularına yaxşı bələddir. Çox güman ki, Baxşıyev Ağalarovu da yaxından tanıdığı üçün indiki komandasında görmək istəyib.
“Qəbələ”nin əsas komandasında da oynamış Sənan Ağalarov Azərbaycanın U-17 və U-19 yığmalarında da forma geyinib.
Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə “Qəbələ”dən ayrılan Ürfan Abbasovla Ülvi İsgəndərovu da heyətinə qatmışdı. Naxçıvan klubunun bu yay müqavilə bağladığı yerli oyunçular arasında Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”), Slavik Alxasov (“Turan Tovuz”) da var. Legionerlərdən isə Karlos Jatoba (“Politexnika”, Rumıniya), Bernardo Oliveyra Dias (“Unian Torreense”, Portuqaliya), Felipe Santos (“Hapoel”, Hayfa, İsrail), Ramon Maçado (“Sabah”, Malayziya) və İssuf Paro (“Konkarno”, Fransa) komandaya cəlb olunub.
Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə də yeni müqavilə imzalanıb.
Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə komandanı tərk ediblər.