Sənan Qurbanov: “Bakıdan pis təəssüratla ayrılırıq”

Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna ciddi hazırlaşmışdıq. Futbolçular məşqlərdə istəkli idilər. Oyunda da sonadək mübarizə apardılar. Əslində danışılası elə bir şey yoxdur. “Sabah”la xal fərqinin açılmaması üçün bu görüş vacib idi. Təəssüf ki, uduzduq. Amma qarşıda oyunlar var. Həmin matçlara köklənəcəyik”.

Sənan Qurbanov bundan sonra “Şamaxı” adı altında çıxış edəcəklərini də xatırladıb: “Bakıdan pis təəssüratla ayrılırıq. Bu, “ASK Arena”da son oyunumuz idi. Doğma stadionla belə vidalaşmaq istəməzdik. Ümid edək ki, “Şamaxı” adı bizim üçün düşərli olar. Ən azından qol vurarıq. Epizodları dəyərləndirə bilmirik. Sanki üzərimizdə lənət var.

Şamaxıya ev oyunlarından bir gün öncə gedəcəyik. Hələlik belə məskunlaşacağıq. Şamaxı Olimpiya Kompleksində qalacağıq. Ondan sonra bizə ətraflı məlumat veriləcək. Oraya gedib baxmağı planlaşdırırıq. Rəhbərlikdən gedən olub. Bilirsiniz ki, meydança yenidir. Məşq etməyə ehtiyac var. Qalacağımız yerə də baxıblar. Hər şey qaydasındadır.

Bu il ilk dəfə meydana çıxan Amil Yunanov inandığımız futbolçudur. Məşqləri buraxmır, hazırlaşır. Bu gün şans qazandı. Yaxşı olardı ki, qol vursun. Amma meydanda hərəkətli idi. Qol epizodları yaratmağa çalışırdı”.

“Müharibəyə baxmayaraq, Oçiqavanın psixoloji vəziyyəti yerindədir”

Sabah”ın baş məşqçisi Murad Musayev isə qələbə qazandıqları matçdan sonra bunları söyləyib: “Bizim üçün çox önəmli qələbə idi. Son matçlarda pis oyun sərgilməsək də, nəticə qazana bilmirdik. Buna görə də son dəqiqələrdə qalib gəlmək həm xal, həm də mental baxımdan çox dəyərlidir.

Ağır zədə alan Elvin Camalovun durumu o qədər də yaxşı deyil. Beyni silkələnib və qaşı açılıb. Onun neçə müddət bizimlə olmayacağı barədə məlumat vermək üçün bizə əlavə müayinələr və vaxt lazımdır.

Ukraynalı futbolçumuz Zurab Oçiqavanın ölkəsindəki müharibəyə baxmayaraq, psixoloji vəziyyəti yerindədir. Bundan əvvəlki oyunu buraxmışdı. Çətinliklə adaptasiya olurdu. Hazırda valideynləri yaxşıdır. Bu gün bizim üçün vacib qol vurdu.

Bu gün “ASK Arena”da sonuncu ev oyununu keçirən və Şamaxıya köçməyə hazırlaşan “Keşlə”ni də təbrik edirəm, uğurlar arzulayıram”.