Sənan Qurbanov: “Hər turda rəqibə uyğun taktika seçirik”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Çalışdıq ki, fasilədən yaxşı istifadə edək. Bəzi futbolçular millinin oyunlarına görə bizimlə deyildi. Rəqib topa daha çox nəzarət edir. Bunu futbolçulara aşılamaq istədik. Futbolçular “Qarabağ” kimi rəqibə qarşı oyundan qopmadılar.

Komandanı qələbə qazanmağa inandıra bilmişdik. Amma Con Kamaranın ilk hissədə zədələnməsi planlarımızı pozdu. Biz digər matçlarda topu itirəndə pressinq edirdik. Rəqibin futbolçularının ustalıq səviyyəsi bəllidir. Taktikanı “Qarabağ”a qarşı müəyyənləşdirmişdik. Hər tur rəqibləri analiz edirik və ona uyğun taktika seçirik.

Hücumda daha çox iştirak etmək niyyətindəyik. “Keşlə” olaraq müdafiə və hücumda düzgün oynamağı seçmişik”.

Baş məşqçi Elvin Yunuszadənin oynamaması haqqında bunları diqqətə çatdırıb: “Zədədən qayıdandan sonra məşqlərə qoşuldu. Yenə ağrıları başladı. Həkimlərin nəzarəti altındadır”.

Sənan Qurbanov son dəqiqələrdə buraxılan qolun yaratdığı məyusluqdan da danışıb: “Futbolçulara təşəkkür etdim. Onlara bildirdim ki, biz bir yarışın içindəyik və qorxmamalıyıq. Rəhbərlik də daim yanımızdadır. Onlar da qələbələr qazanmağımızı istəyirlər”.