Sənan Qurbanov: “Matçı zədəsiz və bir xalla başa vurmağımıza sevinirik”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Zirə səfəri hər zaman çətin olub. Futbolçular əllərindən gələni etdilər. Meydan da ağır idi. Futbolçuların zədələnməməsi bizim üçün vacibdir. Matçı zədəsiz və 1 xalla başa vurmağımız sevindirici haldır. Tərlan Quliyevin zədəsinin yüngül olacağına ümid edirik. Qələbə bizim üçün vacib idi. Futbolçular tapşırıqları yerinə yetirdilər”.

Qurbanov Sezar Meza Kolli ilə Yevgeni Koçuku meydana buraxmamasının səbəbini də açıqlayıb: “Onlar uzun müddət idi komandayla çalışmırdı. Futbolçuları qorumaq üçün risk etmədim”.