Sənan Qurbanov “Şamaxı”dan getdi

Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov istefa verib. Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis qərarını Premyer Liqanın 23-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra açıqlayıb.

Bu qarşılaşmada Şamaxının eyniadlı təmsilçisi 0:8 hesabı ilə məğlub olub. Biabırçı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında iştirak edən baş məşqçi rəhbərliyə qərarını bildirdiyini və istefasının qəbul olunduğunu bildirib:

“Keşlə”dən ayrılıram. Rəhbərliklə danışdım. İstefa qərarımı bildirdim. Gələcək oyunlarda komandaya uğurlar arzu edirəm. Burada kubok qazandım, yaxşı günlərimiz oldu. Amma bu cür məğlubiyyətin ardından qalmaq mümkün deyil. Bu başla nəyisə müzakirə etmək istəmirəm. Məsələ ondadır ki, böyük hesabla uduzduq. Gerisi mənə maraqlı deyil. Futbolçular meydançada mübarizə apara bilmədilər. Bunu qəbul edə bilmirəm. Artıq danışmışıq. Belə məsləhət oldu ki, gedim”.

Baş məşqçi oyuna itkilərlə çıxdıqlarını vurğulayıb: “Qarabağ” onsuz da güclüdür. Heyətdə itki olanda bizim üçün vəziyyət daha da çətinləşir”.

Qeyd edək ki, “Şamaxı” 23 turdan sonra 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Sənan Qurbanov 2021-ci ilin yanvarında bu komandaya baş məşqçi təyin olunmuşdu. Həmin dövrdə bu klub “Keşlə” adlanırdı. Bir müddət əvvəl isə sözügedən klub adını dəyişərək “Şamaxı” olub və ev oyunlarını Şamaxıda keçirməyə qərar verib. Bu komanda yeni adla ilk matçında “Neftçi”ylə qarşılaşmışdı. Şamaxıdakı həmin görüşdə də 1:2 hesablı məğlubiyyət qeydə alınmışdı. Halbuki, matçda hesabı məhz Şamaxı təmsilçisi açmışdı.