Sərbəst güləş yığmamızın daha bir üzvü AÇ-nin finalında

İlk dəfə Azərbaycanda keçirilən və Bakı İdman Sarayında təşkil olunmuş güləş üzrə U-23 Avropa çempionatı sona yaxınlaşır.

Arena.az xəbər verir ki, yarışın 6-cı günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da yer alan idmançılar mübarizəyə qoşulublar.

Nürəddin Novruzov (61 kq) 1/4 finalda almaniyalı Dario Dittrixə tam üstünlüklə (10:0) qalib gəlib. Lakin o, yarımfinalda ukraynalı Mikita Abramova 12:15 hesabıyla məğlub olub. Novruzov sabah bürünc medal uğrunda belaruslu Yaqor Rudauskiylə güləşəcək.

Cəbrayıl Qadjiyev (74 kq) bolqarıstanlı İvan Stoyanova (11:1) və yunanıstanlı Teoxaris Kuqiumtsidisə (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda gürcüstanlı Luka Çxitunidzeni (7:4) xalçadan məyus yola salan təmsilçimiz sabah finalda rusiyalı Kamil Abdulvahabovla qarşılaşacaq.

Arseni Djioyev (86 kq) polşalı Damyan Korbus xalçaya çıxmadığı üçün birbaşa 1/4 finala yüksəlib. O, bu mərhələdə almaniyalı Coşua Morodiona gücünü göstərib – 7:2. Djioyev yarımfinalda rusiyalı Arslan Baqayevə məğlub olub. Bu üzdən də o, sabah bürünc medal uğrunda finlandiyalı Miko Elkalayla mübarizə aparacaq.

Anar Cəfərli (92 kq) debütdə macarıstanlı Kristiyan Anqyala (8:1) qalib gəlsə də, 1/4 finalda moldovalı Yon Demyana minimal fərqlə (3:4) məğlub olub.

Yusif Dursunov (125 kq) 1/4 finalda macarıstanlı Milan Korksoqa uduzub – 1:4.

Xatırladaq ki, sərbəst güləş üzrə yığmamızın üzvləri Bakıdakı Avropa çempionatında hələlik iki gümüş medal qazanıblar. Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) yalnız finalda uduzaraq ikinci yerlə kifayətləniblər.

Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığmamız isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.