Almaniya çempionu “Bayer”in iranlı mərkəz hücumçusu Sərdar Əzmun bundan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çıxış edəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu ölkənin “Şabab Əl-Əhli” klubuna keçib.
Bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb. “Şabab Əl-Əhli” müvafiq keçidin baş tutması üçün “Bayer”ə 5 milyon avro məbləğində ödəniş edib. Ərəb klubu ilə iranlı futbolçu müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Xatırladaq ki, Sərdar Əzmun geridə qalmış 2023/2024-cü illər mövsümünü “Roma”da icarədə keçirib. Əzmun “canavarlar”a 2023-cü ilin avqust ayında “Bayer”dən 1 illik icarə əsasında qoşulmuşdu.
“Roma” Sərdar Əzmunu tamhüquqlu əsasda transfer etmək hüququna malik olsa da, bu maddəni fəallaşdırmayıb.
Sərdar Əzmunun yeniyetməlik karyerası İran klublarında keçib. Sərdarın böyük futbolda debütü isə Rusiyanın “Rubin” (Kazan) klubunda baş tutub. Daha sonra Əzmun “Rostov”da icarədə oynayıb və tamhüquqlu əsasda həmin kluba transfer edilib. Ardınca yenidən “Rubin”ə qayıtmış Əzmun, daha sonra isə Sankt-Peterburq “Zenit”inə keçib. 2022-ci ildə Əzmun karyerasını daha yüksək səviyyədə davam etditmək imkanı qazanıb və Leverkuzen “Bayer”inə keçib.
Əzmunun futbolçu karyerasında uğurları Sankt-Peterburq “Zenit”ində çıxış etdiyi dövrə təsadüf edir. “Zenit”in heyətində Əzmun 4 dəfə Rusiya çempionu, 1 dəfə Rusiya Kubokunun, və 1 dəfə Rusiya Super Kubokunun qalibi olub.
2023/2024-cü illər mövsümündə Əzmun “Roma”nın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Sərdar Əzmun 2014-cü ilin may ayında 19 yaşında debüt etdiyi İran yığmasında 83 oyun keçirib, 53 qol vurub, 14 məhsuldar ötürmə verib.
Türkmənəsilli hücumçu İran futbol tarixində Əlirza Cahanbəxşdən sonra ikinci ən bahalı futbolçudur. Əzmun UEFA Çempionlar Liqasında qol vurmağı bacarmış ən gənc iranlı futbolçudur.
“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.