Sərgən Yalçın ayrıldı, Aleks de Souza yeni baş məşqçi oldu

Türkiyənin “Antalyaspor” komandasının baş məşqçisi Sərgən Yalçın Super Liqa təmsilçisindən ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, 2023/2024 mövsümü bitən kimi klub rəhbərliyi ilə 51 yaşlı mütəxəssis arasında görüş baş tutub.

Tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa qərar veriblər.

Xatırladaq ki, Sərgən Yalçın 2024-cü ilin yanvar ayında “Antalyaspor”un baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı bütövlükdə 23 oyuna çıxarıb. Antalya təmsilçisi bu görüşlərdə 7 qələbə qazanıb, 7 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

“Antalyaspor” geridə qalmış 2023/2024 mövsümündə Türkiyə Super Liqasında 20 iştirakçı arasında 10-cu yeri tutub. Komanda keçirdiyi 38 oyunda 12 qələbə qazanıb, 13 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb və 49 xalla kifayətlənib.

Xatırladaq ki, Sərgən Yalçın məşqçilik karyerasına “Beşiktaş”ın gənclərdən ibarət komandasında başlayıb. Daha sonra o, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor” və “Yeni Malatyaspor” kimi komandalara rəhbərlik edib. 2020-ci ilin yanvarında “Beşiktaş”ın baş məşqçisi təyin olunan Sərgən, 2020/2021 mövsümündə bu komanda ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu qazanıb. Lakin bu uğurlardan sonra o, 2021-ci ilin dekabrında istefa verib.

Artıq “Antalyaspor”un yeni baş məşqçisi də məlumdur. Komandaya bundan sonra braziliyalı mütəxəssis Aleks de Souza rəhbərlik edəcək. 46 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Futbolçu olarkən Türkiyədə “Fənərbaxça”dakı çıxışı ilə məşhurlaşmış Aleks 2021-ci ildən məşqçiliyə başlayıb. O, 2021-2022-ci illərdə “San Paulo”nun U-20 komandasına rəhbərlik edib. 2023-cü ildə isə “Avai”də baş məşqçi olmuş braziliyalı gənc mütəxəssis üçün “Antalyaspor” ilk ciddi sınaq hesab edilə bilər.