Sərgən Yalçın “Beşiktaş”dan getdi

Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Sərgən Yalçın istefa verib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, S.Yalçın hələ bir müddət öncə də istefa vermək istəmiş, lakin klub rəhbərliyi onu fikrindən daşındıra bilmişdi. Lakin o, bu gün İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Cebi ilə növbəti dəfə görüşüb və ayrılmaqda israrlı olduğunu diqqətə çatdırıb. Klub rəhbərliyi bu dəfə Sərgən Yalçının istefa ərizəsini qəbul etmək məcburiyyətində qalıb.

Sərgən Yalçın 2020-ci ildən “Beşiktaş”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında 2020/21 mövsümündə Türkiyə Super Liqasının, həmçinin ölkə kubokunun qalibi olub. Lakin “qara qartallar” bu mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində xal toplaya bilməyib və avrokuboklarla vidalaşıb. Üstəlik, komanda Super Liqada da 15 oyuna topladığı 21 xalla 10-cu pillədə qərarlaşıb. 6 qələbə qazanıb, 3 heç-heçə etmiş “Beşiktaş” 6 oyunda da məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: