Sərtan Taşkın rəsmən “Manisa”da!

Futbol üzrə Azərbaycan millisinin və “Turan Tovuz”un sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” klubu ilə müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə TFF Birinci Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

26 yaşlı futbolçu yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb. Müdafiəçi imza mərasimində fikirlərini də bölüşüb:

“Manisa”da olduğum üçün xoşbəxtəm. Hədəfləri olan böyük bir camiəyə gəldiyim için sevincliyəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam”.

“Manisa”nın futbol şöbəsinin rəhbəri Erdem Özkan isə yeni transfer barədə bunları dilə gətirib:

“Sərtan Azərbaycan Premyer Liqasının diqqət çəkən oyunçularından biridir. Azərbaycan millisinin də formasını tərlətmiş bir futbolçudur. Onun istedadına güvənirik. Burada özünü inkişaf etdirərək daha yaxşı yerlərə gələcək. Həm ona, həm də klubumuza xeyirli olmasını diləyirəm”.

Xatırladaq ki, sonradan “Keşlə”yə çevrilən “İnter”in yetirməsi olan Sərtan Taşkın “Sumqayıt” və “Zirə”də çıxış etdikdən sonra cari mövsümün əvvəlində “Turan Tovuz”a gəlmişdi. O, bu komandada 18 oyuna çıxıb və 1 qol vurub. Müdafiəçinin Tovuz klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Lakin “Turan Tovuz” ötən gün həmin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlamışdı. Klub “Manisa”ya keçən Sərtana göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulamışdı.

Sərtan Azərbaycan milli komandasında da 2 oyun keçirib.

“Manisa” 18 komandanın çıxış etdiyi TFF Birinci Liqada 17 turdan sonra 19 xalla 11-ci pillədə qərarlaşıb. Sərtanın yeni komandası mövsümün geridə qalan hissəsində cəmi 4 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Türkiyə Birinci Liqasında Coşqun Diniyev, Bəxtiyar Həsənalızadə, Vüsal İsgəndərli kimi milli üzvləri də çıxış edir. Ramil Şeydayevin də tezliklə “Kocaelispor”a transferi gözlənlir.