Sərxan Əliyev lisenziya turnirində ilk qələbəsini qazandı

Azərbaycanın boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan 1/32 final döyüşünü qələbə ilə başa vurub.

Dünya çempionatının mükafatçısı mərakeşli Elabidine Amruq Zineni məğlub edib. Sərxan Əliyev qələbəsini iki raundun yekununa əsasən rəsmiləşdirib. Buna rəqibin qaşından zədə alması səbəb olub.

Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçukla üz-üzə gələcək. Görüş martın 7-də baş tutacaq.

Sərxan Əliyevə qədər Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıblar.

Lisenziya turnirinə martın 11-də yekun vurulacaq.