Sərxan Hacıyev – AFFA-nın yeni icraçı vitse-prezidenti!

Rövnəq Abdullayevin dövründə AFFA-nın baş katibi kimi fəaliyyət göstərmiş Sərxan Hacıyev bu quruma icraçı vitse-prezident təyin olunub.

Arena.az xəbər verir ki, bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib.

“Bulvar Marriott Hotel”də baş tutan tədbirdə milli assosiasiyaya yeni prezident seçilib. Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil edilib, yeni tərkib müəyyənləşib.

Konfransdan sonra AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası baş tutub. Məhz bu iclasda AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti seçilib. Konül Mehtiyeva, Balakişi Qasımov və Elşad Nəsirov isə vitse-prezidentlər olublar. Hacıyev həmçinin müvəqqəti olaraq baş katib vəzifəsini də icra etməyə davam edəcək.

Xatırladaq ki, Sərxan Hacıyev 2022-ci ilin mart ayından AFFA-nın baş katibi kimi fəaliyyət göstərirdi. O, 2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib. 2009-cu ildən bugünə qədər AFFA-da işləyir:

  • 2009-2011 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
  • 2011-2012 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
  • 2012-2022 – Baş katibin müavini
  • 2022-ci ildən bu günə qədər baş katib