Sərxan Hacıyev: “Fernando Santosla aramızda qarşılıqlı inam var”

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Fernando Santosun Azərbaycan millisinin baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, bu gün portuqaliyalı mütəxəssisin təqdimat mərasimi təşkil olunub.

Təqdimat mərasimində çıxış edən AFFA rəsmisi bunları dilə gətirib:

“Dünən mətbuata da məlumat verildi. AFFA İcraiyyə Komitəsinin onlayn formatda iclasında yeni baş məşqçi təyin olundu. Fernando Santosla bağlı çox danışmağa ehtiyac yoxdur. Çünki dünyaca tanınmış məşqçidir. Müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisində layihəni həyata keçirərək, 2014-cü ildə komandanı DÇ-yə çıxarmışdı. Portuqaliya millisini isə Avropa çempionu edib. Bir sıra məqamları nəzərə aldıq. Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq”.

Sərxan Hacıyev AFFA rəhbərliyinin portuqaliyalı mütəxəssisə inandığını bildirib: “Bu illər ərzində müəyyən layihə çərçivəsində işlər görəcəyik ki, nəticə əldə edək. AFFA rəhbərliyi ilə Santos arasında qarşılıqlı inam var. Danışıqlar prosesinə əsasən onun da bizə inandığını dilə gətirə bilərəm. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq”.

Hacıyev millidən hansı nəticəni tələb edəcəkləri barədə bunları deyib: “Milli meydana qələbə üçün çıxmalıdır. Rəqibdən asılı olmayaraq, bu, belə olmalıdır. Santosla danışanda da hiss etdik ki, o, elə adamdır ki, məğlubiyyəti qəbul etmir. Amma oynadığımız qrupların reallığını da qəbul etməliyik. Elə qrup ola bilər ki, biz ancaq birinci yer üçün oynamalıyıq. Elə komandalarla qrupa düşərik ki, reallığı nəzərə almalıyıq və nəticəni uğurlu və ya uğursuz qeydə alarıq”.

AFFA rəsmisi millimizin yeni çalışdırıcısının müqaviləsində yer alan maliyyə və təzminat məsələsi barədə isə danışmaq istəməyib: “Müqavilənin bəzi hissələrini açıqlaya bilərik, bəzi hissələrini açıqlaya bilmərik. Maliyyə tərəfini açıqlamırıq. O ki qaldı, Polşa millisində və “Beşiktaş”dakı işlərinə… Həmin komandalardan ayrılmağının da müəyyən səbəbləri var. Səbəbləri dəqiq bilmirik. Sırf bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin komandadan ayrılması normaldır. Müqaviləmiz 3+1 illikdir. Təzminat məbləğini isə açıqlaya bilmərik”.