Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ı ingilis mərkəz yarımmüdafiəçisi Cordan Hendersonu qışda satmaq və ya icarəyə vermək niyyətində deyil.
Arena.az bu barədə “talkSPORT” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Henderson yanvarın 14-də komandanın Əbu-Dabidəki təlim-məşq toplanışına qayıtmalıdır. Burada Hendersonla komandanın baş məşqçisi, ingilis mütəxəssis Stiven Cerrardın və klubun idman direktoru Mark Allenin iştirakı ilə futbolçunun gələcəyi ilə bağlı üzbəüz danışıqların aparılması nəzərdə tutulub.
Xatırladaq ki, daha əvvəl, mətbuatda Hendersonun Səudiyyə Ərəbistanındakı yaşayış şəraitindən narazı olduğu barədə məlumat yayılmışdı. Henderson çöldə yüksək hərarət və yüksək rütubətin olmasını əsas gətirərək, müvafiq iqlimdən xoşlanmadığını bildirib. Eləcə də ingilis futbolçu “Əl-İttifaq”ın oyunlarında tamaşaçı sayının azlığından gileylidir.
Vurğulayaq ki, Hendersonun özünün İngiltərə Premyer Liqasına qayıtmaq istəyi böyükdür. Cordan hətta “Əl-İttifaq”la təzminat şərtləri altında ayrılaraq, 3,5 milyon avro məbləğində vergi ödəməyə də hazırdır. Təcrübəli futbolçunun xidmətində maraqlı olan xeyli klub sözün həqiqi mənasında sıraya düzülərək, fürsət gözləyir.
Henderson 2011-ci ildən “Liverpul”da çıxış edirdi. İngilis yarımmüdafiəçi buna qədər “Sanderlend”də çıxış edib, qısa müddət “Koventri”də icarədə olub. Hendersonun futbolçu karyerasının əsas hissəsi məhz “Liverpul”un adı ilə bağlıdır. Bu müddət ərzində Henderson “Liverpul”la 8 kubok qazanıb. Maraqlıdır ki, Cordan bu qənimətlərdən 7-ni məhz komandanın kapitanı olaraq əldə edib. Bunlara İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2021/2022), İngiltərə Futbol Liqası Kuboku (2011/2012, 2021/2022), İngiltərə Super Kuboku (2022), UEFA Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019), FIFA Klub Dünya Kuboku (2019) daxildir.
Bundan başqa, Henderson İngiltərə Kubokunun (2011/2012), İngiltərə Futbol Liqası Kubokunun (2015/2016), Çempionlar Liqasının (2017/2018, 2021/2022), Avropa Liqasının (2015/2016) finalçısı olub.
Henderson “qırmızılar”ın heyətində ümumilikdə 492 oyuna çıxıb, 33 qol vurub, 61 məhsuldar ötürmə verib.
2023-cü ilin iyunda Henderson “Əl-İttifaq”a keçmək qərarını verib və 14 milyon avro müqabilində ərəb klubuna transfer edilib. İngilis futbolçunun “Əl-İttifaq”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Henderson “Əl-İttifaq”ın heyətində 19 oyunda 5 məhsuldar ötürmə verib.