Azərbaycanda, Bakı Kristal Zalında təşkil olunmuş taekvondo üzrə dünya çempionatında beşinci yarış gününə yekun vurulub.
Arena.az xəbər verir ki, günün yekununda daha 2 dəst medal öz sahibini tapıb.
Qadınlar arasında 46 kq-da dünya çempionatının qızıl medalı Lena Stoykoviçə (Xorvatiya) qismət olub. O, finalda Siken Kamonçanoku (Tailand) məğlub edib. Üçüncü yeri Ruka Okamoto (Yaponiya) və Vanq Xiaolu (Çin) tutub.
Kişilər arasında 54 kq çəkidə dünya çempionu titulunu Tae-Joon Park (Cənubi Koreya) qazanıb. Gümüş medala Huqo Arillo Vazques (İspaniya) layiq görülüb. “Üçlüy”ü Omonjon Otajonov (Özbəkistan) və Görkem Polat (Türkiyə) qapayıblar.
Bu çəkidə Azərbaycan millisinin idmançılarından Minayə Əkbərova (46 kq) 1/16 finalda Ruka Okamotoya (Yaponiya), eyni mərhələdə Səyyad Dadaşov (54 kq) Omonjon Otajonova (Özbəkistam) məğlub olub.
Xatırladaq ki, mundialın əvvəlki günlərində Azərbaycanın daha 7 taekvondoçusu medalsız qalmışdı. Bunlar Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), eləcə də Patimat Abakarova (49 kq) və Fəridə Əzizovadır (67 kq).
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-nə qədər davam edəcək dünya çempionatında 145 ölkədən 949 taekvondoçu iştirak edir. 16 çəki dərəcəsində dünya çempionu olacaq idmançılar aktivinə 140 reytinq xalı əlavə edəcəklər.
Sonrakı günlərdə millimizin digər üzvləri Eltac Qafarov (74 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Səmərrux Osmanova (53 kq) və Fatimə Məcidova (62 kq) da qüvvəsini sınayacaqlar.