“Səbail” daha 2 futbolçu transfer etdi – biri yarımmüdafiəçi, digəri müdafiəçi

“Səbail” heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu “Şamaxı”dan Vüsal Qənbərovu, “Kəpəz”dən isə Vüqar Həsənovu transfer edib.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi olan Vüsal Qənbərovla 2, müdafiəçi Vüqar Həsənovla 1 illik müqavilə imzalanıb.

Vüsal Qənbərov son olaraq “Şamaxı”nın ikinci komandasında çıxış edib. O, daha öncə “Sabah”ın da aşağı yaş qrupu üzrə komandalarında forma geyinib.

Vüqar Həsənov isə geridə qalan mövsümdə “Kəpəz”in heyətində Birinci Divizionda çıxış edib. Lakin növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq Gəncə klubu bir neçə gün öncə beş futbolçusu ilə yollarını ayırdığını açıqlamışdı ki, onlardan da biri Vüqar Həsənov idi.

“Səbail” daha öncə “Zirə” ilə yollarını ayıran Ağabala Ramazanovu transfer etmişdi. Paytaxt klubunda Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə də yeni müqavilə imzalanmışdı. Əvəzində Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyevlə yollar ayrılıb.

Xəbəri istədiklərinizlə paylaşın