“Sabah” avrokubok oyunlarını bu arenada keçirəcək – Rəsmi

“Sabah” Futbol Klubu ilə “Qurtuluş 93 Residence” MTK arasında sponsorluq və əməkdaşlıq müqaviləsi bağlanıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Əməkdaşlıq çərçivəsində “Qurtuluş 93 Residence” MTK-nın nəzdində olan “Bank Respublika Arena” və məşq meydançaları 12 il müddətinə bu kluba təmənnasız icarəyə verilib. Bunun qarşılığında “Sabah” FK stadionda olacaq bütün təmir-bərpa və əməliyyat işlərinin xərclərini qarşılamağı öz öhdəsinə götürüb.

Anlaşmaya əsasən, “Bank Respublika Arena”da “Qurtuluş 93 Residence” MTK-nın reklam bannerləri yer alacaq. Həmçinin klubla şirkət arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Sponsorluq və əməkdaşlıq müqaviləsi klubun prezidenti Maqsud Adıgözəlov və sözügedən MTK-nın təsisçisi Məhərrəm Novruzov tərəfindən imzalanıb.

Xatırladaq ki, “Sabah” FK Premyer Liqaya vəsiqə qazandığı 2018-ci ildən “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Növbəti mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək klub ev matçlarını məhz bu arenada keçirməyi planlaşdırır. Hazırda stadionda UEFA-nın avrokubok oyunları üçün tələb olunan kriteriyalara uyğunlaşdırılması istiqamətində təmir və bərpa işləri görülür.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü çox uğurlu keçirən “bayquşlar” sona bir tur qalmış 81 xalla 2-ci pillədə qərarlaşıblar. Komanda çempionluğu təmin etmiş lider “Qarabağ”dan cəmi 6 xal geri qalır. Paytaxt təmsilçisi artıq tarixində ilk dəfə həm gümüş medalları, həm də avrokuboklara vəsiqəni təmin edib. Murad Musayevin çalışdırdığı kollektivi qarşıdakı mövsümdə Avropa Konfrans Liqasında mübarizə gözləyir.