“Beşiktaş” ilə “Sabah” komandaları arasında xeyriyyə məqsədi daşıyan yoldaşlıq qarşılaşmasını idarə edəcək hakimlər bəlli olub. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, qardaşlıq oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətt hakimləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Türkiyə nəhəngi ilə qardaşlıq matçı sabah – mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) start veriləcək.
Matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Bu oyuna hazırlıq məqsədilə ötən axşam növbəti məşqinə çıxan “Beşiktaş” bu gün İstanbulda daha bir məşq keçəcək. “Qara qartallar” yerli vaxtla saat 15:00-da Sabiha Gökçen Hava Limanından xüsusi çarter reysi ilə Bakıya yola düşəcək.
Xatırladaq ki, bu xeyriyyə matçına görə Azərbaycan Premyer Liqasının 34-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Belə ki, “Sabah” xeyriyyə matçı ilə əlaqədar olaraq PFL-ə rəsmi müraciət ünvanlayıb. Klubun müraciətində sözügedən turun “Sumqayıt”la matçının vaxtının dəyişdirilməsi xahiş edilib. Hər iki klubun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə 34-cü turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb. “Beşiktaş” isə “Qaziantep” komandasının Super Liqanın qalan hissəsində oynamaqdan imtina etməsi səbəbindən bu həftə rəsmi oyuna çıxmayacaq.