“Sabah” və Türkiyənin “Beşiktaş” komandası arasında Bakıda keçirilmiş xeyriyyə matçından əldə olunmuş gəlirin məbləği açıqlanıb.
Arena.az xəbər veir ki, qarşılaşmanın gəlirləri 718 019 AZN təşkil edib.
Oyundan əldə edilmiş bütün gəlir ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək. Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Xatırladaq ki, mayın 13-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Sabah” – “Beşiktaş” oyunu 3:3 hesabıyla başa çatıb. Azərbaycan təmsilçisinin heyətində Aleksey Kaşuk dubl edib (4 və 6-cı dəqiqə), digər qolu Davit Volkov (70-ci dəqiqə) vurub. “Qara qartallar”ın heyətində isə Umut Meraş (24 və 44-cü dəqiqələr) dubla imza atıb, digər qolu 63-cü dəqiqədə penaltidən dəqiq yararlanan Cenk Tosun vurub.
Daha öncə “Qarabağ” da Bakıda Türkiyənin digər nəhəngi “Qalatasaray”la xeyriyyə məqsədli oyun keçirmişdi. Həmin qarşılaşmanın gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil etmişdi. Həmin məbləğ də qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndərilmişdi. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürülmüşdü.
“Qarabağ” – “Qalatasaray” matçı Bakı Olimpiya Stadionunda baş tutmuş və İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.