Bu gün basketbol üzrə Azərbaycan çempionu “Sabah” FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, çempionumuzun rəqibi İsveçin “Norçöpinq Dolfins” komandası olub.
Xatırladaq ki, Azərbaycan çempionu FİBA Çempionlar Liqasının oyunlarına Litvada hazırlaşmışdı. Avqustun 20-dən bu ölkədə təlim-məşq toplanışında olan “bayquşlar” orada 6 yoxlama oyunu keçirmişdilər. Rimas Kurtinaytisin komandası Litvanın “Jalgiris” (62:94), “Yanova” (68:97) və “Rtas” (84:87) klublarına məğlub olmuşdu. Bu ölkənin “Majeykyay” (76:57), “Neptunas” (82:71) və Almaniyanın “Rostock Seavolves” (72:71) klubları ilə görüşlərdə isə Azərbaycan təmsilçisi qələbə qazanmşdı.
Türkiyənin Antalya şəhərində keçirilən İsveç klubu ilə qarşılaşma isə rəqibin qələbəsi ilə başa çatıb. “Sabah” oyuna yaxşı başlasa da, fasilədən sonra isveçlilər daha yaxşı çıxış ediblər. 3-cü periodda rəqibin 12 xallıq üstünlüyü cütün taleyini həll edib.
Beləliklə, bu cütün qalibi olan “Norçöpinq Dolfins” sentyabrın 19-da keçiriləcək yarımfinal görüşündə İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionu isə mübarizəni FİBA Avropa kubokunda davam etdirəcək.
FİBA Çempionlar Liqası
17 sentyabr
“Sabah” – “Norçöpinq Dolfins” 71:75 (18:15, 19:18, 11:23, 23:19)
Antalya. “Qloria Sports Arena”.
Xatırladaq ki, Azərbaycan çempionu FİBA Çempionlar Liqası üçün bu basketbolçuları sifariş etmişdi:
Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endər Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyom Butyankov, Klav Kavar (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).


