“Sabah” “Marussi”yə səfərdə də uduzdu

Basketbol üzrə Azərbaycan çempionu “Sabah” FİBA Avropa kubokunun 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bakı klubu FİBA Avropa kubokunun qrup mərhələsinin 5-ci turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.

Rimas Kurtinaytisin yetirmələri bu rəqibinə Bakıda 70:82 hesabıyla uduzmuşdu. Komandamız həmin məğlubiyyətin revanşını almağa çalışıb. Təmsilçimiz böyük fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar vəziyyəti öz xeyirlərinə dəyişiblər. 15 xallıq fərq matçın qalan dəqiqələrində “Marussi”nin qələbə qazanması üçün kifayət edib.

Azərbaycan təmsilçisinin baş məşqçisi Rimas Kurtinaytisin “Marussi” ilə cavab oyunundan sonra fikirlərini bölüşüb. O, bunları söyləyib:

“Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rotasiya ilə bağlı problemlərimiz davam edir. Üstəlik, oyunun gedişində Kamronun da zədələnməsi yekun nəticəyə təsir etdi. Digər oyunçumuz Artyomsun isə zədəsi tam sağalmayıb. Bu səbəbdən az oynadı. Rotasiya imkanlarımızın məhdud olması səbəbindən 5 oyunçumuz 35 dəqiqə oyunda oldu. Bu, əsas problemdir. Səhvlərimiz də oldu.
FIBA-nın mövcud reqlamentində yerli oyunçu potensialı çox əhəmiyyətlidir. Biz aqressiv, sürətli oyun üslubuna üstünlük veririk. Bu səbəbdən ehtiyat oyunçular skamyası çox vacibdir”.

Xatırladaq ki, Azərbaycan komandası bu qrupdakı digər oyunlarında Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norçöpinq”ə isə 70:74 hesabı ilə yenilmişdi.

Qeyd edək ki, G qrupunun digər oyununda bu gün “Spiru” “Norçöpinq”i sınağa çəkib və doğma meydanda 93:86 hesablı qələbəyə sevinib.

FİBA Avropa kuboku
G qrupu, 5-ci tur
6 noyabr

“Marussi” – “Sabah” 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro).
Marussi Saint Tomas Sarayı.

Xallar: Spiru – 10. Marussi – 9. Norçöpinq – 6. Sabah – 5.

Xəbəri sosial şəbəkələrdə paylaş: