Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda ilk sınaq matçında Rumıniyanın “Rapid” (Buxarest) kollektivi ilə qarşılaşıb.
“Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutan bu qarşılaşmanın daha öncə Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da) başlayacağı açıqlanmışdı. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən matçın start fiti bir saat gec səslənib.
Murad Musayev bu görüşdə aşağıdakı heyətə güvənib: 55. Nicat Mehbalıyev, 24. Maruan Hadudi, 17. Tellur Mütəllimov, 3. Con İrasabal, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 8. Ayaz Quliyev, 9. Anatoli Nuriyev, 12. Vensan Till, 70. Jesse Sekidika, 14. İshak Belfodil.
Bu futbolçular isə matça ehtiyat oyunçular skamyasında başlayıblar: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 44. Sofian Çakla, 22. Xəyal Əliyev, 19. Emmanuel Apeh, 5. Rəhman Daşdəmirov, 18. David Volkov, 2. Amin Seyidov, 53. Fəxri Məmmədli, 77. Namiq Ələsgərov.
Qarşılaşmaya gəlincə, ilk hissə Azərbaycan təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İlk yarının son dəqiqəsində Jesse Sekidika komandasını hesabda önə keçirib. 62-ci dəqiqədə Rumıniya təmsilçisi Borisav Burmazın penaltidən vurduğu qolla hesaba tarazlıq gətirsə də, “bayquşlar” az sonra yenidən önə keçiblər. 68-ci dəqiqədə Anatoli Nuriyev rəqib qapısına yol tapmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Xatırladaq ki, “Sabah”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-nə qədər davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Amma digər rəqibin adına hələ aydınlıq gəlməyib.