Azərbaycanın yunan-Roma güləşi üzrə yığmasının üzvü, təcrübəli pəhləvan Sabah Şəriəti karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
35 yaşlı güləşçi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-ü beşinci yeri tutaraq medalsız qalıb. Sabah, bürünc medal uğrunda görüşdə Amin Mirzəzadəyə (İran) məğlub olduğu görüşdən sonra xalçanı öpüb və rəqib onu çiyninə qaldırıb.
Xatırladaq ki, Sabah Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə etmişdi. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.