Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu, 41 yaşlı Mixain Lopes (Kuba) olacaq.
Yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 23:00-dan etibarən başlayacaq. Medal uğrunda qarşılaşmalar isə sabah keçiriləcək.
Xatırladaq ki, Sabah Şəriəti Olimpiadada mübarizəyə 1/8 finaldan başlayıb. O, startda estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb.
Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Olimpiadada 5 idmançı ilə təmsil olunur. Bu gün mübarizəyə qoşulmuş digər güləşçimiz Murad Məmmədov startda Venesueladan olan Rayber Xose Rodriqez Oroskoya uduzub.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.