Serbiyada təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycan çempionu “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamızın FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq çərçivəsində ilk rəqibi Serbiyanın “Vrsaç” klubu olub.
Vrsaç şəhərinin “Millenium” arenasında keçirilən və öncədən əldə olunan razılığa əsasən 3 period davam edən görüş rəqibin 62:57 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Sabah” Serbiyada yerli klublarla daha beş yoxlama oyunu keçirəcək:
10 sentyabr. “Radniçki (Serbiya)
13 sentyabr. “OKK Belqrad” (Serbiya)
15 sentyabr. “Boraç Zemun” (Serbiya)
16 sentyabr. “Srvena Zvezda 2” (Serbiya)
17 sentyabr. “Zlatibor” (Serbiya)
“Sabah” bu mövsüm 18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək. Komandamız FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində mübarizə aparacaq. A qrupunda qərarlaşan Azərbaycan çempionu “Donar” (Qroningen, Niderland), “Rapid” (Buxarest, Rumıniya) və “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.