“Sabah” üçün əlamətdar mövsüm

Murad Musayevin çalışdırdığı “Sabah” futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü uğurla başa vurdu.

Arena.az xəbər verir ki, sözügedən komanda çempionatı 2-ci pillədə başa vuraraq, tarixində ilk dəfə Premyer Liqanın gümüş medallarını qazandı.

2022/23 mövsümü bu klub üçün daha bir neçə rekordla əlamətdar oldu:

– Komanda son mövsümdə 75 qola imza atdı ki, bu da klub tarixində ən yüksək göstəricidir.

– “Bayquşlar” son mövsümdə qapısında cəmi 24 qol gördü. Bu, həm 2022/23 mövsümünün, həm də klub tarixinin ən yaxşı göstəricisidir.

– Komanda mövsümü 81 xalla başa vurdu ki, bu da klub tarixində rekord nəticədir.

– Son mövsümdə bu komandanın ev oyunlarını ümumilikdə 41650 tamaşaçı izlədi (orta hesabla hər oyuna 2313 tamaşaçı). Azərbaycan Premyer Liqasının 14-cü turunun “Bank Respublika Arena”da baş tutmuş “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı stadiondan canlı izləyib. Bu, həm mövsümün, həm də klub tarixinin rekord göstəricisidir.

Azərbaycan Premyer Liqasının son mövsümündə bu klubun bəzi şəxsi göstəricilərdə fərqlənən futbolçuları da var.

Ən çox oyun keçirən (oyun sayına əsasən):

Coy-Lens Mikels və Davit Volkov (35 oyun)

Ən çox meydanda olan (dəqiqə olaraq):

Yusif İmanov (2970 dəqiqə)

Ən çox qol vuran:

Coy-Lens Mikels (17 qol)

Ən çox qol vuran (hər oyuna orta hesabla):

Aleksey Kaşuk (0,52)

Ən çox assist edən:

Coy-Lens Mikels (11 assist)

Sonda onu da xatırladaq ki, “Sabah” qarşıdakı mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək.