“Sabah” üçün ikiqat yubiley və “Neftçi”nin 300-cü qolu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub. Arena.az xəbər verir ki, paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb.

Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb.

Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb.

Xatırladaq ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.

“Neftçi” isə Premyer Liqada 300-cü ev qolunu buraxıb. Bu topa Coy Lens Mikels imza atıb. “Ağ-qaralar” 426-cı ev görüşündə 2:3 hesabı ilə uduzub. Bununla da buraxılan qol sayı 302-yə çatıb.

“Neftçi” öz meydanında ilk qolu 1992-ci il mayın 10-da Şamaxı “Şirvan”ı ilə görüşdə buraxıb – 8:1.

“Sumqayıt”ın 70-ci ev məğlubiyyəti

“Sumqayıt” isə Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb. “Gənclik şəhəri” təmsilçisi Premyer Liqanın 11-ci turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.

Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.

Xatırladaq ki, “Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.