“Sabah” və “Beşiktaş” komandaları Bakıda xeyriyyə matçı keçirəcək

Türkiyənin “Beşiktaş” və Azərbaycanın “Sabah” komandaları arasında Bakı şəhərində xeyriyyə məqsədi daşıyan yoldaşlıq qarşılaşması baş tutacaq. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Əvvəlcə Azərbaycan təmsilçisi sosial şəbəkə hesabında açıqlama yayaraq İstanbul klubunu ölkəmizə dəvət edib:

“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”.

Beşiktaşlıların bu dəvətə cavabı gecikməyib. Türkiyə klubu da sosial şəbəkə hesabları vasitəsilə Azərbaycan dilində açıqlama yayaraq, bunları qeyd edib:

“Salam, can qardaş, dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”.

Artıq bu qarşılaşmanın tarixi də bəllidir. “Sabah”ın mətbuat xidmətinin yaydığı məlumata görə, Türkiyə nəhəngi ilə qardaşlıq matçı mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) start veriləcək.

Matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. Bilet satışı ilə bağlı tezliklə ətraflı məlumat veriləcək.

Yeri gəlmişkən, bu xeyriyyə matçına görə Azərbaycan Premyer Liqasının 34-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Sabah” klubu 13 mayda keçiriləcək “Beşiktaş”la xeyriyyə matçı ilə əlaqədar olaraq PFL-ə rəsmi müraciət ünvanlayıb. “Sabah”ın müraciətində sözügedən turun “Sumqayıt”la matçının vaxtının dəyişdirilməsi xahiş edilib. Hər iki klubun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqasının qərarı ilə 34-cü turun “Sumqayıt” – “Sabah” qarşılaşması 14 maydan 17 maya təxirə salınıb. Qarşılaşmanın başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: