“Sabah” və “Zirə” UEFA reytinqində Azərbaycanı önə saldılar

“Sabah” və “Zirə” avrokubok matçında əldə etdikləri uğurlu nəticə sayəsində UEFA reytinqində Azərbaycanın xal ehtiyatını zənginləşdiriblər.

Arena.az xəbər verir ki, ötən gecə Avropa Liqasında və Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

Konfrans Liqasında mübarizə aparan Azərbaycan təmsilçilərindən “Zirə” növbəti, “Sabah”la “Sumqayıt” isə ilk sınaqlarına çıxıblar. Doğma meydanda Macarıstan “Fehervar”ı ilə qarşılaşan “Sumqayıt” yekunda 1:2 hesablı məğlubiyyətə üzülüb. “Zirə” Slovakiyanın “Dunayska Streda” komandası ilə görüşdə parlaq qələbəyə imza atıb – 4:0. “Sabah” da İsrailin “Makkabi” (Hayfa) komandası ilə səfər oyununda oxşar uğura imza atıb. Məlum səbəblərdən Macarıstanda keçirilən bu oyunda Masazır təmsilçisi güclü rəqibi üzərində 3:0 hesablı qələbəyə sevinib.

Bu qələbələr sayəsində klublarımız Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıblar. Həm “Zirə”, həm də “Sabah” ölkə reytinqinə 0,250 xal əlavə edib.

Hazırda UEFA reytinqində Azərbaycanın cari mövsümdəki qazancı 1.000 xaldır. Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən digər klub – “Qarabağ” da 0,250 reytinq xalı qazanıb. Hələlik ən böyük fayda “Zirə”dəndir – 0,500 bal.

Son 5 mövsümdəki ümumi əmsalı 17.750-yə çatan Azərbaycan reytinqdə bir pillə irəliləyib və hazırda 24-cü sırada qərarlaşıb. 23-cü sırada 18.299 xala malik Rusiya qərarlaşıb. Hansı ki, bu ölkənin təmsilçiləri beynəlxalq yarışlara qatılmadığı üçün reytinq xalı dəyişmir. Bu isə uğurlu nəticələr sayəsində Azərbaycanın tezliklə Rusiyanı geridə qoyacağı anlamına gəlir. 25-ci sırada isə Slovakiya qərarlaşıb – 17,625.

Reytinq cədvəlinə yenə İngiltərə (89,160) başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73.989) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (71,660) dördüncü, Fransa (57,736) isə beşinci sıradadır. Türkiyə 34,200 balla 9-cu sırada qərarlaşıb.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.