“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu Gürcüstan millisinin hücumçusu Davit Volkovu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.
Davit Volkov 2018-ci ildən Azərbaycanda çıxış edir. Belə ki, o, 2018-2020-ci illər aralığında “Qəbələ”nin uğurları üçün çalışıb. Gürcü futbolçu 2020-ci ilin yayından isə “Zirə”nin formasını geyinirdi. Lakin o, Avropa Konfrans Liqasında mübarizə aparacaq “Zirə”nin yeni müqavilə təklifini bəyənməyib və daha yaxşı şərtlər irəli sürən “Sabah”ı seçib.
Volkov karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016) və “Saburtalo” (2017-2018) klublarında da çıxış edib.
“Sabah” daha öncə “Sumqayıt”dan Tellur Mütəllimovla Anatoli Nuriyevi də transfer etmişdi. Paytaxt klubunda Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov və Bəxtiyar Həsənalızadə ilə də yeni müqavilə imzalanıb. Əvəzində Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes və Səlahət Ağayevlə yollar ayrılıb.



