“Sabah”la “Zirə” Konfrans Liqasında 3-cü raundun bir addımlığında

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə” və “Sabah” komandaları bu gün 2-ci təsnifat mərhələsində növbəti matça çıxacaqlar.

Arena.az xəbər verir ki, klublarımızdan biri evdə, digəri səfərdə oynayacaq.

Avrokubok mübarizəsinə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlamış Rəşad Sadıqovun komandası Moldovanın “Şerif” kollektivinə səfərdə 1:0 hesabıyla qalib gəlsə də, Bakıdakı oyunda bu uğurun davamını gətirə bilmədi. Cavab matçının əsas vaxtında 1:2 hesabıyla uduzan zirəlilər penaltilər seriyasında da uğur qazana bilməyincə, Avroliqada mübarizəni erkən başa vurdular. Amma indi qəsəbə təmsilçisi Konfrans Liqasında uğur qazanmağa yaxındır.

Slovakiya təmsilçisi “Dunayska Streda” ilə mübarizə aparan zirəlilər bu rəqiblə ev oyununda çoxlarının gözləmədiyi halda 4 cavabsız qola sevindi. Slovakiyada baş tutacaq cavab qarşılaşması çətin olacaq. Amma “Zirə” doğma meydanda əldə etdiyi böyük üstünlüyü qorumağa borcludur.

İsrail nəhənglərindən Hayfa “Makkabi”sinə rəqib olan “Sabah” da bu komanda ilə ilk sınağında gözlənilməz nəticəyə imza atıb. Belə ki, “bayquşlar” məlum səbəblərdən Macarıstanda keçirilmiş “Makkabi” ilə səfər matçında 3 cavabsız qola sevinmişdilər. İndi Krunoslav Renduliçin yetirmələri bu üstünlüyü qoruyub saxlamağa çalışacaqlar. Oyunun doğma meydanda keçirilməsi də “Sabah”a əlavə üstünlük verir.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
1 avqust

20:00. Sabah – Makkabi (Hayfa)
Hakimlər: Peter Kraloviç, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
Masazır. “Masazır Arena”.
İlk oyun – 3:0.

22:30. Dunayska Streda – Zirə
Hakimlər: Yovan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).
Dunayska Streda. “DAC Arena”.
İlk oyun – 0:4.