Sabir Buqrin “Neftçi”ni Tunis klubuna dəyişdi

Neftçi” mərakeşli yarımmüdafiəçisi Sabir Buqrin ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı futbolçunu Tunisin “Esperans” klubuna satıb.

Bu barədə “Neftçi”nin rəsmi saytı məlumat yayıb. Xəbərdə mərakeşli oyunçunun bundan sonra son Tunis çempionunun şərəfini qoruyacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin iyulundan “Neftçi”də çıxış edirdi. O, 37-si çempionat, 2-si kubok, 10-u avrokubok olmaqla 49 matçda ağ-qara formanı geyinib. Yarımmüdafiəçi bu oyunlarda 6 (4-ü çempionat, 2-si avrokubok) qola imza atıb. Buqrin 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Rəsmən təsdiqlənməsə də, “Neftçi”nin Buqrini Tunis klubuna 300 min dollara satdığı iddia olunur. O, yeni klubu ilə 3.5 illik müqaviləyə imza atıb. “İnstaqram” hesabında paylaşım edən Buqrin, Tunis təmsilçisinə keçdiyi üçün qürur duyduğunu və hər şeyə görə “Neftçi”yə təşəkkür etdiyini yazıb.

Sabir bu transferlə bağlı yerli mətbuata açıqlama da verib. O, təqdimat mərasimində bunları dilə gətirib:

“Bilirəm ki, “Esperans” böyük və tarixi klubdur. Bu komandanı titul qazandığı Afrika Çempionlar Liqasında iki mövsüm ərzində izləmişəm. Klubun azarkeşlərini də tanıyıram. Bu amillər məni ruhlandırdı və belə gözəl komandaya gəlişimə böyük istək yaratdı. Danışıqların üsul və sürəti məni heyran etdi. İlk dəfədir ki, Afrika komandası ilə müqavilə bağlayıram. Hər şey Avropa klublarındakı kimi baş verdi. Sözün həqiqi mənasında peşəkar komanda tapdım. Mənə etimad göstərən klub rəhbərliyinə və məşqçilər heyətinə minnətdaram. Bura gəldiyim ilk andan anladım ki, bu klubda bütün titulları qazanmaq lazımdır. Ona görə də komandanın ən yaxşı nəticələri meydanda göstərməsindən və podiuma yüksəlməsindən ötrü bütün bacarığımı meydanda qoyacağam”.

Yarımmüdafiəçi sosial şəbəkələrdə “Esperans” azarkeşlərindən çoxlu mesajlar alsa da, onlara cavab verməməsindən təəssüfləndiyini bildirib: “Bu cavab meydanda olacaq. Söz verirəm ki, onları və ölkəmi məndə gözlənildiyi kimi təmsil edəcəyəm”.