İtaliyanın “Fiorentina” klubu iki futbolçusunu – yarımmüdafiəçilər Abdelhamid Sabiri ilə Cino İnfantionu icarəyə verib.
Arena.az bu barədə Florensiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Sabiri Birləşmiş Ərəb Əmirliklərin “Ajman” klubuna keçib. İnfantino isə bu ölkənin digər klubu “Əl-Əyn”də çıxış edəcək. Hər iki klub sözügedən oyunçuları satınalma şərti ilə icarəyə götürüb. İcarə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Sabirinin “Fiorentina” ilə müqaviləsi 2026-cı ilin, İnfantinonun sözləşməsi isə 2028-ci ilin 30 iyununa qədərdir.
Mərakeşdən olan Abdelhamid Sabiri Almaniyanın “Koblents” və “Darmştadt” klublarının yetirməsidir. O, karyerası ərzində “Sportfroynde” (Zigen), “Nürnberq”, “Haddersfild Taun”, “Paderborn”, “Askoli”, “Sampdoriya” kimi klublarda da forma geyinib. 27 yaşlı hücumameyilli yarımmüdafiəçi “Fiorentina”ya 2023-cü ilin yanvar ayında 2,5 milyon avro qarşılığında “Sampdoriya”dan keçib. Mərakeşli futbolçu Florensiya klubunun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən yenidən icarə əsasında “Sampdoriya”ya qayıdan Sabiri, ötən mövsümdə də Səudiyyə Ərəbistanının “Əl-Fayha” klubunda icarədə olub.
Sabiri vaxtilə Almaniyanın U-21 yığmasında oynasa da, sonradan Mərakeşin əsas millisində forma geyinib. O, ölkəsinin yığması ilə 11 oyuna çıxıb, 2 qol və 1 assist müəllifi olub.
Cino İnfantio isə peşəkar karyerasına Argentinanın “Rosario Sentral” klubunda başlayıb. “Fiorentina” 21 yaşlı yarımmüdafiəçini 2023-cü ilin avqustunda 2,85 milyon avro qarşılığında heyətinə cəlb edib. Argentinalı futbolçu İtaliya klubunun əsas komandasında 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı Sabirinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir. 21 yaşlı İnfantinonun indiki bazar qiyməti isə 3 milyon avrodur.