42 yaşlı amerikan peşəkar basketbol idarəçisi Saçin Qupta İngltərənin “Çelsi” klubunda əhəmiyyətli bir vəzifənin başına keçəcək.
Arena.az bu barədə “The Athletic” dərgisinə istinadən məlumat verir.
Milli Basketbol Assosiasiyasının (NBA) “Minnesota Timbervulvz” klubunun basketbol əməliyyatları üzrə icraçı vitse-prezidenti vəzifəsini icra etmiş Saçin Qupta “zadəganlar”a qoşulmaq üçün vəzifəsindən ayrılaraq, klubu tərk edib.
Jurnalist-insayder Con Kravçinski müvafiq məlumatı təsdiqləyib:
“Qupta “Timbervulvz”da beş il keçirdi və indi dünyanın ən məşhur franşizalarından birinə qoşulur”, – Kravçinski özünü “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Hazırda Quptanın London klubunda hansı “əhəmiyyətli vəzifə” tutacağı barədə heç bir məlumat yoxdur.
Saçin 2006-2013-cü illər ərzində “Hyuston Rokets”in tanınmış baş idarəçisi Deril Morinin xüsusi müşaviri vəzifəsində çalışıb. 2014-cü ildən 2016-cı ilə qədər “Filadelfiya Siksers”in vitse-prezidenti vəzifəsində çalışmış Qupta, 2017-2018-ci illərdə yenidən Morinin xüsusi müşaviri olub. Daha sonra isə Qupta “Filadelfiya Siksers”in baş idarəçisi vəzifəsinə keçib. 2019-cu ildən Qupta “Minnesota” üçün çalışırdı.