Almaniyanın “Bayern” klubunda hücumçu Sadio Mane ilə yarımmüdafiəçi Leroy Sane arasında qalmaqal yaşanmaqdadır. Arena.az xəbər verir ki, tərəflər arasındakı münasibətlər UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan “Mançester Siti” ilə oyunda korlanıb.
İngiltərə klubuna 0:3 hesabıyla uduzduqları matçın gedişində bu iki oyunçunun sözü çəp gəlib. Onların bu mübahisəsi matçdan sonra paltardəyişmə otağında da davam edib. Sanenin onunla danışıq tərzinə əsəbləşən afrikalı forvard, onun sifətinə yumruq atıb. Nəticədə almaniyalı vingerin dodağı partlayıb. Onları digər komanda yoldaşları və klub rəsmiləri çətinliklə sakitləşdiriblər.
Rəhbərlik baş verən hadisəyə biganə qalmayıb. Belə ki, araşdırmalardan sonra günahın Manedə olduğuna qərar verilib. Komanda yoldaşını vuran Seneqal yığmasının üzvü heyətdən kənarlaşdırılıb. O, Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində baş tutacaq “Hoffenhaym”la matçın iştirak ərizəsinə daxil edilməyib. Bu azmış kimi, Manenin cərimə olunacağı da açıqlanıb.
Xatırladaq ki, Sadio Mane bu mövsümün əvvəlində – 2022-ci ilin iyul ayında İngiltərənin “Liverpul” klubundan 32 milyon avro qarşılığında “Bayern”ə keçib. 31 yaşlı forvard Münhen təmsilçisində 32 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Liverpul”, “Zalsburq”, “Sauthempton” və “Mets”in də uğurları üçün çalışıb. Təcrübəli hücumçu Seneqal yığmasında 95 matça çıxıb, 35 qola imza atıb.
Leroy Sane isə “Bayern”ə 2020-ci ilin iyulunda İngiltərənin digər klubu “Mançester Siti”dən 49 milyon avroya gəlib. 27 yaşlı vinger Münhen klubunun heyətində meydana çıxdığı 125 matçda 37 qol vurub, 35 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Mançester Siti”dən başqa “Şalke”nin də uğurları üçün çalışıb. Yarımmüdafiəçi Almaniya yığmasında da 50 oyuna 11 qol vurub.


