“Qarabağ”ın 19 yaşlı qapıçısı Sadiq Məmmədzadə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, gənc qolkiper əvvəlcə “Qarabağ”da ilk dəfə rəsmi oyunda meydana çıxmasından danışıb:
“Kəpəz”lə matçdan əvvəl klubdan mənə dedilər ki, əsas heyətdə oyuna çıxacaqsan. Buna çox sevindim. Sevincimdən gecə yata bilmirdim. Çünki “Qarabağ” kimi böyük bir klubda oyuna çıxmaq ən böyük arzum idi. Meydana çıxanda həyəcan var idi. Amma bu, yaxşı həyəcan idi”.
Məmmədzadə futbola başlayarkən meydan oyunçusu olduğunu bildirib: “O vaxt “Neftçi” İdman Klubunda oynayırdım. Bir dəfə qapıçımız yox idi və mən qapıya keçmək istədim. Bundan sonra qapıdakı oyunumu bəyəndilər və davamı gəldi”.
Sadiq Məmmədzadə gələcəkdə Türkiyənin “Fənərbaxça” klubunda çıxış etmək aruzunda olduğunu da qeyd edib:
“Özüm də gəncəm. Özümdən yaşda kiçik qapıçılara da demək istəyirəm ki, hər zaman qarşılarına bir məqsəd qoysunlar və onun ardınca getsinlər. İstəyərəm ki, sözügedən qapıçılardan olum. Həm Azərbaycanda, həm də Avropada. Məqsədlərimdən biri Avropada oynamaqdır. Mən “Fənərbağça” fanatıyam. Ən böyük arzularımdan biri də odur ki, “Fənərbağça”da çıxış edim”.