Sadıqov: “Dunayska Streda” daha təşkilatlanmış komandadır”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Streda” ilə oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu gün Slovakiya ilə matçdan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Sabah növbəti oyunumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Fərqli sistemi, fərqli oyun üslubu olan rəqibdir. Azarkeşləri maraqlı oyun gözləyir. Biz də var gücümüzlə hazırlaşmışıq. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma biz öncə sabahkı matçı düşünürük.

Baş məşqçiləri ispan mütəxəssisdir. 5-3-2 sistemi ilə oynayırlar. Fərqli sistemdir. Rəqibin oyunu haqda çox danışmaq istəmirəm. Amma onlar çox pressinq edən, rəqibi təzyiq altında saxlayan komandadır. Yaxşı futbolçuları var. Ən əsası da komanda şəklində oynayırlar. Bizim kimi heyəti qoruyub-saxlayıblar. Çox da detallı şəkildə danışmaq istəmirəm. Hazırda məni daha çox öz komandam düşündürür. Rəqibin gücünü də nəzərə almalıyıq. Vaxtımız az olub hazırlaşmağa, amma düşünürəm ki, oyunçularım hazırdır”.

“Suma öz karyerasına zərbə vurdu”

Rəşad Sadıqov Avroliqanın 1-ci təsnifat mərhələsində “Şerif”lə ev oyununda qırmızı vərəqə almış Salifu Sumadan da söz açıb:

“Suma “Zirə”dəki yox, öz karyerasına kölgə saldı. Yaxşı başlamışdı. Mərhələni keçsəydik, Sumaya da təkliflər ola bilərdi. Belə məqamlarda az reaksiya verən futbolçu həmin an sərt reaksiya verdi. Hansı futbolçular təxribata gedirsə, onlarla danışırıq. Halbuki Suma kimi ən fağır, sakit oyunçunun belə etməsi adamı daha çox məyus edir. “Zirə”dəki karyerasına zərər olmayacaq. Amma öz karyerasına zərbə vurdu. Növbəti oyunlar üçün böyük dərs oldu. Bu tip oyunlarda qırmızı almağın acı fəsadlarını gördü.

Ona cəza verməyin tərəfdarı deyiləm. Ən az cəza verən məşqçiyəm. Bu hadisə baş veribsə, cəza çox şeyi dəyişməyəcək. Hörmətsizliyi özünə və bizə qarşı etdi. Təbii ki, cərimə olacaq. Qırmızı kartlarla bağlı cərimə prinsiplərim… UEFA-dan gələcək cəza futbolçuya kifayət qədər zərər vuracaqsa, bəsdir. Amma az olarsa, cəza verəcəyik. Bundan sonra 200 min də cərimə olsa, qırmızı vərəqəyə görə böyük uğuru əldən verdik. Özü və bizim üçün böyük cərimə, cəza idi. Uğuru əldən verdik”.

Sadıqov “Dunayska Streda”nı “Şerif”lə müqayisə edib:

“Bu rəqibimiz daha təşkilatlanmış komandadır. “Şerif” daha çox fərdi ustalığa fikir verən komanda idi. Slovakiya klubunda oyunçular bir-birini tamamlayırlar. Möhkəm kollektivdir. Çalışacağıq ki, sabah qələbə qazanaq, üstünlük əldə edək. Sabahkı oyun hər şeyi göstərəcək”.

“Növbəti mərhələyə vəsiqə qazana bilərik”

Mətbuat konfransında iştirak edən “Zirə”nin hücumçusu Rafael Utziq də sabahkı matçla bağlı gözləntilərini dilə gətirib:

“Sabah çox vacib oyuna çıxacağıq. Baş məşqçi vasitəsilə rəqib komanda haqda mümkün bütün informasiyalar bizə ötürülüb. Bu oyunda sərfəli nəticə qazanmaq istəyirik. Komanda olaraq ötən mövsümdən bəri birlikdə çıxış edirik. Meydançada bir-birimizi yaxşı başa düşürük. Bu amili nəzərə alsaq, belə rəqiblərə qarşı layiqli mübarizə apara bilərik. Rəqibi elə də yaxşı tanımırıq. İlk dəfə onlarla qarşılaşacağıq. Sabah evdə oynayacağıq. Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik”.